“NATO-nun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı strateji qərar verməsinin vaxtı yetişib” – “Doktrina” JHAM sədri
13:21 09-06-2012
Xəbər verdiyimiz
kimi, iyunun 8-də Bakıda “Azərbaycan və NATO əməkdaşlığı NATO-nun Çikaqo
Sammitindən sonra: Əməkdaşlıq üçün yeni perspektivlər” adlı beynəlxalq
konfrans keçirilib. Tədbir Azərbaycan Hüquqşünasları Konfederasiyası,
Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının İnsan Hüquqları
Elmi Tədqiqat İnstitutu, Avrasiya Hüquqşünaslar Assosiasiyası, NATO-nun
İctimai Diplomatiya Bölməsi və Rumıniyanın Azərbaycan Respublikasındakı
Səfirliyinin dəstəyi ilə keçirilib.
|
|
Konfransda “Doktrina”
Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli
“Avroatlantik Əməkdaşlığın İnkişafında Vətəndaş Cəmiyyətinin rolu”
mövzusunda çıxış edib.
C.Sümərinlinin sözlərinə görə, Avroatlantik əməkdaşlığın inkişafında
Vətəndaş Cəmiyyətinin rolu çox mühümdür. “Ümumilikdə, NATO çərçivəsində,
istər çoxmillətli, istərsə də ikitərəfli əsasda qəbul edilən
qərarların əsaslı olması, ölkələrin strateji maraqlarına uyğun olması
üçün ictimaiyyətlə birbaşa təmasın qurulması çox vacibdir” deyən
C.Sümərinli qeyd edib ki, ümumiyyətlə, Avroatlantik inteqrasiyanın bir
dəyişilməz qaydası var: “Bütün proseslər, islahatlar cəmiyyətə açıq və
şəffaf olmalıdır ki, bu islahatlar davamlı və keyfiyyətli olsun.
İctimaiyyətin dəstək vermədiyi islahatlar əslində havaya sovrulmuş
vəsaitlər və səylər kimi başa düşülə bilər”.
C.Sümərinli xatırlatdı ki, Azərbaycanın Avroatlantik inteqrasiya kursu
onun 2007-ci ildə qəbul olunan Milli Təhlükəsizlik Konsepsiyasında
əksini tapıb. Belə ki, həmin sənəddə qeyd olunub ki, Azәrbaycan
Respublikası Avropa vә Avratlantik siyasi, tәhlükәsizlik, iqtisadi vә
digәr strukturlara inteqrasiya strateji mәqsәdini güdür. Azәrbaycan
Respublikası Avratlantik strukturla ilә tәrәfdaşlığı bütövlükdә
Avratlantik mәkanda ümumi tәhlükәsizliyә, iqtisadi inkişafa vә
demokratiyaya dәstәk verәcәk vasitә kimi görür.
Ekspert bildirdi ki, Azərbaycanla NATO arasında 2005-ci ildə imzalanmış
və 2008 və 2011-ci illərdə ikinci və üçüncü mərhələsi ilə davam
etdirilən Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planında (İPAP) əksini tapan
çoxsaylı öhdəliklərin bir qismi məhz vətəndaş cəmiyyəti ilə əlaqələrin
gücləndirilməsi hədəfi ilə bağlıdır. Onun sözlərinə görə, İPAP-da
aşağıdakı 2 əsas müddəa əksini tapır:
- Silahlı Qüvvələrin demokratik cəmiyyətin dəyərlərinə maksimal şəkildə
cavab verməsinə nail olmaq, demokratik nəzarət mexanizmlərini
təkmilləşdirmək.
- Müdafiə məsələlərində cəmiyyətin geniş təbəqələrini fəallaşdırmaq, orduda islahatlarla bağlı cəmiyyəti məlumatlandırmaq.
C.Sümərinli müdafiə və təhlükəsizlik sahəsində islahatların
gerçəkləşməsində əsas rıçaqlaardan biri hesab olunan Müdafiə
Təsisatlarının Qurulması üzrə Tərəfdaşlığın Əməliyyat Planından da (PAP
DIB - Partnership Action Plan on Defence Institution Building) danışdı.
Onun sözlərinə görə, bu sənəd «Sülh naminə tərəfdaşlıq» proqramına üzv
ölkələrdə konkret müdafiə islahatlarının irəli sürülməsi vasitəsi kimi
çıxış edir. PAP-DIB tərəfdaş ölkələrdə həyata keçirilməli olan 10
islahatı məsləhət görür. İslahatların həyata keçirilməsi isə üç məqsədlə
bağlıdır: birincisi, müdafiə sahəsinə şəffaf və demokratik nəzarətin
tətbiq edilməsi, ikincisi, təhlükəsizlik siyasətinin inkişafında
vətəndaş iştirakının təmin olunması, üçüncüsü, müdafiə sahəsi ilə bağlı
qanunvericiliyin və məhkəmə sahəsinin düzgün işləməsi.
Məruzəçinin sözlərinə görə, bu gün Azərbaycanda Avroatlantik
Əməkdaşlığın inkişafına müsbət təsir göstərən bir sıra proseslər
müşahidə olunur: birincisi, QHT strukturlarının fəaliyyətində aktivlik
var; ikincisi, media Azərbaycanın Avroatlantik məkana inteqrasiyasına,
onun detallarına daha çox diqqət yetirir.
C.Sümərinli Avroatlantik əməkdaşlığa dəstək verən bir sıra Vətəndaş cəmiyyəti strukturlarından danışdı:
- NATO Azərbaycan Beynəlxalq Məktəbi (NİSA) (2005, Bakı). Bu qurum
indiyə qədər Azərbaycan – NATO münasibətlərinə dair davamlı sessiyalar
(qış və yay), məlumatlandırma konfransları, dəyirmi masalar keçirib;
- “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi (2005, Bakı). Bu
mərkəz 2005-ci ildə Azərbaycan və NATO arasında imzalanmış Fərdi
Tərəfdaşlığa dair Əməliyyat Planı (İPAP) üzrə cəmiyyətdə
məlumatlandırma, təbliğat proseslərinin aparılmasını həyata keçirir;
- “SeDEP” QHT-lər Koalisiyası (2005, Bakı). Bu Koalisiya Azərbaycanda
hərbyönlü QHT-lərin ən böyük koalisiyası hesab olunur. Koalisiyanın
fəaliyyət istiqamətlərindən biri Azərbaycan – NATO əməkdaşlığının təbliğ
olunmasıdır. İndiyə qədər qurum bununla bağlı çoxsaylı tədbirlər,
dəyirmi masalar, konfranslar keçirir.
- Milli və Strateji Tədqiqatlar Mərkəzi, Azərbaycanın Avroatlantik inteqrasiyasına aktiv dəstək verən təşkilatlardan biridir.
- Sülh və Münaqişələrin Həlli Mərkəzi. Azərbaycanın Avroatlantik inteqrasiyasına aktiv dəstək verən QHT-lərdən biridir.
- “Atlas” Araşdırmalar Mərkəzi. Azərbaycanın Avroatlantik strukturlara
inteqrasiyasını təlqin edən aparıcı strukturlardan biridir.
- Avroatlantik Mərkəz (Bakı, 2006-cı il). Bu mərkəz Axundov adına Dövlət
Kitabxanasında yerləşməklə, ölkədə Azərbaycan – NATO əməkdaşlığının
təbliğatını, maarifçilik sessiyasını aparır;
- Avroatlantik Mərkəz (Gəncə, 2007-ci il). Bu mərkəz Azərbaycanın Gəncə
kimi ikinci böyük şəhərində və ətraf regionlarda Azərbaycan – NATO
əməkdaşlığının mövcud və perspektiv vəziyyətinə dair təbliğat prosesini
aparır.
- Avrasiya Hüquqşünaslar Assosiasiyası. Bu təşkilat davamlı olaraq
Azərbaycan – NATO əlaqələrinə dair mühüm informasiya sessiyaları,
beynəlxalq konfranslar həyata keçirib.
- Avro-Atlantik Şura (2011, Bakı). Bu təşkilat Azərbaycanın Avroatlantik
əməkdaşlığa dəstək verən QHT və mediasının əsas mərkəzlərindən biri
hesab olunur.
- Azərbaycan Hüquqşünaslar Konfederasiyası, NATO ilə əməkdaşlıq
mövzusunda aktiv QHT-lərdən biridir. Bu təşkilat Azərbaycan – NATO
əməkdaşlığı çərçivəsində ictimai məlumatlandırma sahəsində ən aktiv
QHT-lər statusuna daxil olmaqdadır.
- AMEA İnsan Hüquqları Elmi Tədqiqat İnstitutu. Bu struktur eyni zamanda
Azərbaycan – NATO əməkdaşlığı çərçivəsində həyata keçirilən elmi
tədbirlərin əsas təbliğat mərkəzinə çevrilməkdədir.
- Azərbaycan NATO Əməkdaşlığı İnstitutu (2009, Bakı). Bu təşkilat
Azərbaycan – NATO əməkdaşlığı çərçivəsində görülən işlərin təbliği
istiqamətində fəal qurumlardan hesab edilir. Bu təşkilat indiyə qədər
Azərbaycan – NATO əməkdaşlığına dair çoxsaylı tədbirlər həyata keçirib.
- və başqaları
Avroatlantik əməkdaşlığa töhfə verən media strukturlarına gəldikdə isə,
C.Sümərinli NATO-nun İctimai Diplomatiya Bölməsinin Azərbaycanda dəstək
verdiyi layihələrdən danışdı:
1. “Ordunun Aynası” əlavəsi, “Ayna” və “Zerkalo” qəzetlərində (2006-cı ildən) NATO İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə;
2. “Diplomatiya və Hüquq” jurnalı, Avrasiya Hüquqşünaslar Assosiasiyası,
2006-2009-cu llərdə NATO İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə;
3. Milaz.info hərbi informasiya portalı, (2010-cu ildə NATO İDB-nin
dəstəyi ilə Azərbaycan – NATO əlaqələrinə dair məqalələrin ingilis və
rus dillərinə tərcüməsi);
4. “Mingəçevir İşıqları” regional qəzeti (2006-cı ildən etibarən
“Ordunun Aynası” əlavəsinin aktiv tərəfdaşı, İctimai Diplomatiya Bölməsi
dəstəkləyir);
5. “Cənub Xəbərləri” regional qəzeti (2006-cı ildən etibarən “Ordunun
Aynası” əlavəsinin aktiv tərəfdaşı, İctimai Diplomatiya Bölməsi
dəstəkləyir);
6. Gəncə Media Mərkəzinin www.ganca.az saytı (2006-cı ildən etibarən
“Ordunun Aynası” əlavəsinin aktiv tərəfdaşı, İctimai Diplomatiya Bölməsi
dəstəkləyir) və s.
C.Sümərinli bildirdi ki, ümumilikdə, 2004-2012-ci illər üzrə
Azərbaycanda vətəndaş cəmiyyətinin ölkənin NATO ilə əməkdaşlığı ilə
bağlı bir sıra qənaətləri formalaşıb. Azərbaycanın NATO ilə imzaladığı
200-dən artıq proqram, sənəd, planlar (onlar arasında PfP, İPAP, İPP,
PAP-DİB, OCC, PARP və s. əsas qurucu sənədlər hesab olunur) ölkənin
milli səviyyədə Avroatlantik inteqrsiyasının geniş vüsət almasının
göstəricisidir.
C.Sümərinli bildirdi ki, indiyə qədər Azərbaycan Silahlı Qüvvələrinin 5
min nəfərdən artıq hərbi qulluqçusu NATO-nun müxtəlif plan və
proqramları çərçivəsində minlərlə kurs, seminar, konfrans və tədbirlərdə
iştirak ediblər; Azərbaycanda ali hərbi təhsil NATO standartlarına
uyğunlaşdırılıb; Silahlı Qüvvələrin fəaliyyətini tənzimləyən bir sıra
qanunvericilik sənədləri NATO standartlarına uyğunlaşdırılıb; NATO-nun
dəstəyi ilə mühüm ekoloji layihələr həyata keçirilib (Aşstafa Saloğlu
ərazisinin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi,
Ələt qəsəbəsində “Melanj” layihəsi); İPAP çərçivəsində Azərbaycan
Silahlı Qüvvələrində aşağı səviyyəli ştat-struktur dəyişiklikləri həyata
keçirilib; Azərbaycan Quru Qoşunlarının, Hərbi Dəniz Qüvvələrinin və
Hərbi Hava Qüvvələrinin imkanları, maddi-texniki təchizatı artırılıb;
ölkənin hərbi çağırış sistemində yeniliklər və təkmilləşdirmələr baş
verib və s.
Amma ciddi problemlər də qalmaqda davam edir. C.Sümərinli onlardan
bəzilərini xatırlatdı. Belə ki, müdafiə və təhlükəsizlik sektorunun NATO
standartlarına uyğunlaşdırılması prosesi yekunlaşmayıb; hərbi
qanunvericiliyin əsas hissəsinin hələ də NATO standartlarına
uyğunlaşması gecikir; ordudakı yüksək səviyyəli idarəetmənin NATO
standartlarına uyğunlaşdırlıması prosesi gecikir; aşağı səviyyələrdə
həyata keçirilən ştat-struktur islahatları yuxarı səviyyəyə qalxmadı –
Müdafiə Nazirliyi aparatında və Silahlı Qüvvələr Baş Qərargahının
səlahiyyətləri konkretləşdirilmədi; müdafiə Naziri mülki şəxs olmadı,
ümumiyyətlə orduda mülkiləşmə prosesinin aparılması istiqamətində
səmərəli addımlar atılmadı; ordunun kadr təminatında ciddi problemlər
ortaya çıxdı, NATO standartlarına uyğun təhsil almış kadrlar hələ də
Silahlı Qüvvələrdə orta səviyyədək olan vəzifələri bölüşürlər və onların
heç biri Müdafiə nazirliyindəki rəhbər vəzifələrə təyin olunmayıb;
Silahlı Qüvvələrdə korrupsiya və rüşvətxorluğa qarşı səmərəli mübarizə
aparılmır; kəskin şəkildə artırılan hərbi büdcə fonunda hərbi
qulluqçuların sosial təminatının NATO standartlarına uyğunlaşdırılması
prosesi gecikir; ordu islahatları və ümumiyyətlə NATO ilə imzalanmış
bütün sənədlərin tam mətni ictimaiyyət üçün açıq deyil; nə
qanunvericilik əsasında, nə də real şəkildə orduya vətəndaş nəzarət
mexanizmi yaradılmadı və s. əsas problemlər hesab olunur.
C.Sümərinlinin sözlərinə görə, Azərbaycan Vətəndaş cəmiyyətində ölkənin Avroatlantik məkana inteqrasiya ilə bağlı suallar var:
- Alyansın Cənubi Qafqaz regionunda mövcud və gələcək fəaliyyətə dair fəaliyyət proqramı nədən ibarətdir?
- Azərbaycanın xarici hərbi-siyasi və iqtisadi inteqrasiya strategiyası
nədən ibarətdir? (ölkənin Avroatlantik inteqrasiya siyasətinin
qeyri-dəqiqliyi) və s.
C.Sümərinli bildirdi ki, ölkədə ictimai rəydə alyansa dəstəyin zəif
olmasına gətirib çıxaran bir sıra məqamlar mövcuddur. Belə ki, Rusiyanın
Cənubi Qafqaz ölkələrinə artan təsir və təzyiqinin neytrallaşdırılması
yollarının bəlli olmaması, ümumilikdə, Alyansın Cənubi Qafqaz
problemləri üzrə Rusiya ilə əməkdaşlıq perspektivlərinə malik olmaması
əsas problemlərdəndir. Eyni zamanda Alyansın regiondakı münaqişələrin
həlli prosesinə müdaxilə etməməsi, təhlükəsizlik təşkilatının belə mövqe
sərgiləməsi onun ictimai nüfuzuna xələl gətirən məsələlərdəndir.
NATO-nun SNT proqramı çərçivəsində tərəfdaşlara təhlükəsizlik
təminatının verilməməsi, NATO plan və proqramları üzrə tərəfdaş
ölkələrin üzərinə qoyulan öhdəliklərin yerinə yetirilmə prosedurunun
konkret olmaması, islahatların yerinə yetirilib və ya yetirilməməsi üzrə
hər hansı şəkildə mükafatlandırma və cəzalandırma mexanizminin olmaması
və s. müzakirə hədəfidir.
C.Sümərinli bildirdi ki, müxtəlif tədqiqatlar göstərir ki, hazırda
Azərbaycanın ümumi ictimai rəyində NATO-nun nüfuzu o qədər də yüksək
deyil. Xüsusilə də ölkənin bir sıra regionlarında, Cənubda və Şimalda
antiNATO ovqatı mövcuddur. Ekspert hesab edir ki, bunun aradan
qaldırılması istiqamətində alyansın aşağıdakı addlmları atmasına ehtiyac
yaranıb.
C.Sümərinli hesab edir ki, NATO tərəfdaş ölkə, o cümlədən Azərbaycanla
əməkdaşlığında siyasi aspektləri gücləndirməlidir, siyasi inteqrasiya,
siyasi sahədə islahatlar gücləndirilməlidir. O, hesab edir ki, NATO-da
Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində
tərəfdaşlarla əlaqələrin gücləndirilməsi vacibdir. “Fikrimcə, NATO-nun
Azərbaycanda Əlaqə səfirliyinin, Alyans baş katibinin xüsusi
nümayəndəsinin və region üzrə əlaqə zabitinin fəaliyyəti
təkmilləşdirilməli və səlahiyyətləri artırılmalıdır. NATO-nun Bakıda
real işləyəcək əlaqə ofisi yaradılmalıdır, gələcəkdə isə ölkənin 3-4
bolgəsində belə alt-ofislər formalaşdırılmalıdır”, - deyən C.Sümərinli
ayrıca olaraq Alyansın Azərbaycan kimi tərəfdaş ölkələrin vətəndaş
cəmiyyətləri, QHT və KİV-lər üzrə xüsusi əməkdaşlıq strategiyası qəbul
olunmasını zəruri hesab edir.
“NATO Azərbaycanın regionlarında daimi sorğuların keçirilməsi, bununla
da ictimai rəyi öyrənmə prosesinə dəstək verməlidir, ictimai rəydə NATO
əleyhinə olan məqamları ortaya çıxarıb onların həlli istiqamətində
addımların atılması vacibdir. Təhlükəsizlik və müdafiə sektorunda, eyni
zamanda siyasi sahədə NATO standartlarına uyğun islahatlarda vətəndaş
cəmiyyətinin yaxından iştirak etməsinə nail olunmalıdır. İPAP və digər
sənədlərin məzmunu, eyni zamanda bu sənədlər üzrə həyata keçirilən
tədbirlər üzrə cəmiyyətə davamlı məlumat verilməlidir, ümumiyyətlə NATO
ilə əməkdaşlıq barədə sistematik açıqlamaların verildiyi mexanizm
yaradılmalıdır. Tərəfdaş ölkələr üzrə NATO-dan göndərilən
qiymətləndirici missiyaların gəldiyi nəticələr ictimaiyyətə
açıqlanmalıdır, Alyansdan Azərbaycana təşrif buyuran nümayəndələrin
vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş qaydaları
dəqiqləşdiriməlidir”, - deyə o bildirdi.
Onun sözlərinə görə, NATO-nun Cənubi Qafqazdakı münaqişələrin, o
cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı barədə strateji
qərarı olmalıdır. “Artıq bunun vaxtı yetişib”, - deyə o qeyd etdi.
Milaz.info
|
|