Total Pageviews

Monday, September 26, 2011

Orduda sosial rifah problemləri - TƏHLİL



Azərbaycanda qüvvədə olan hərbi qanunvericilik sənədlərində hərbi qulluqçular, onların ailə üzvləri, müharibə veteranları, şəhid ailələri və b. sosial rifahını necə gücləndirmək olar?


Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılma prosesi bir çox sahələrdə olduğu kimi, sosial təminat, maddi-texniki təchizat məsələlərində də ciddi addımlar tələb edir. Özəlliklə də Azərbaycanın müdafiə xərclərinin kəskin şəkildə artdığı bir dövrdə hərbi qulluqçuların mənzil təminatı, məvacibləri, onlara ödənilən müxtəlif təzminatların həcmi, hərbçilərin ailə üzvlərinin və ehtiyatda olanların təminatı və s. məsələlər diqqət kəsb edən məsələlərdəndir.

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin qarşısında duran hədəflərdən biri də hərbi qulluqçuların sosial rifahı ilə bağlı problemləri ortaya çıxarmaq və onların həlli istiqamətində müxtəlif qanunvericilik təklifləri hazırlamaqdan ibarətdir. Elə bu məqsədlə ölkə Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçirilən addımlar orduda sosial durumu gücləndirmək məqsədi güdür.

Layihə çərçivəsində Rusiya, Türkiyə, Gürcüstan, ABŞ, Almaniya, Böyük Britaniya silahlı qüvvələrində sosial rifah məsələləri öyrənildi və eyni zamanda Azərbaycanda aşağıdakı qanun və sənədlərə göz yetirildi:

Konstitusiyanın müvafiq müddəaları (1995); "Azərbaycan Respublikasının silahlı qüvvələri haqqında" (09 oktyabr 1991); "Hərbi qulluqçuların statusu haqqında" (25 dekabr 1991); "Fövqəladə vəziyyət haqqında" (04 fevral 1962); "Hərbi qulluqçuların pensiya təminatı haqqında" (29 aprel 1992); "Hərbi tribunallar haqqında" (27 may 1992); "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" (10 iyun 1992); "Hərbi xidmət haqqında" (03 noyabr 1992); "Müdafiə haqqında" (26 noyabr 1993); "Hərbi vəziyyət haqqında" (06 yanvar 1994); "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" (20 may 1997); "Hərbi xidmətkeçmə haqqında Əsasnamə" (03 oktyabr 1997); "Veteranlar haqqında" qanun; "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun; "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanun.

Məvacib məsələsi

Layihə çərçivəsində Rusiya, Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya silahlı qüvvələrində məvaciblərin verilmə qaydaları araşdırılıb. Hesab edirik ki, Azərbaycanda hərbçilərin pul təminatının yeni qayda ilə hesablanmasını nəzərdə tutan xüsusi qanunvericilik aktının qəbuluna ehtiyac var. Bu hesablanmada xidmətin ağırlığı və hərbi qulluqçuların sosial rifahı nəzərə alınmalıdır. Xüsusi olaraq hərbi qulluqçuların məvacibləri və pensiyalar hər dəfə ölkə prezidentinin sərəncam və göstərişi ilə artırılmamalıdır. Bununla bağlı Nazirlər Kabineti çərçivəsində xüsusi mexanizm qəbul olunmalıdır. Mexanizmə görə məvaciblər ölkədəki inflyasiyanın artım səviyyəsinə adekvat olaraq artmalıdır. Hesab edirik ki, müdafiə xərclərinin kəskin artması səbəbindən hərbi qulluqçuların vəzifə və rütbə məvacibləri azı 3 dəfə artırılmalıdır.

Eyni zamanda, bir sıra xidmət növlərinə görə əlavə ödəmələrin həcminin artırılması, xüsusi xidmətkeçmə şəraitinə və sağlamlıq üçün riskli olan xidmətə görə artımın önəmli olması vacibdir.

Təklif edilən məsələlərdən biri Silahlı Qüvvələrdə məvaciblərin 1, 2 və 3 qat sistem əsasında verilməsidir. Cəbhə xəttində xidmətə görə hərbi qulluqçuların məvacibləri 3 qat olmalıdır. Eyni qaydada Qərb standartlarına uyğun olaraq A, B, C təminatı reallaşdırıla bilər. Səngərdə xidmət edən hərbi qulluqçuların vəzifə məvacibləri 3 qat, cəbhə xəttindəki hərbi hissələrdə (səngərlər və ön cəbhə istisna olmaqla) xidmət edənlərin məvacibləri isə 2 qat olaraq hesablanmalıdır. Arxa cəbhədə xidmət edənlərdə isə bu, 1 qat olmalıdır. Bu sistem ilk öncə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara şamil olunmalıdır.

Digər qoşunlarda, məsələn, Daxili Qoşunlarda və Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi qulluqçular cəbhə xəttində, düşmənlə üz-üzə döyüş tapşırığını yerinə yetirməyə cəlb olunsalar, onda onların da məvaciblərinin artırılma qaydalarında yeniliklər edilməlidir.

Müxtəlif növ təzminatlar


Əgər Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına keçirsə, onda xidmətin ağırlığının və qeyri-bərabər bölüşdürülməsinin əvəzi maddi qaydada mütləq ödənilməlidir.

Bu baxımdan təklif edilən məsələlərdən biri 8 saat iş rejimindən artıq xidmət edən, müxtəlif növ döyüş növbətçiliyi çəkən, təlimlərdə iştirak edən hərbi qulluqçulara müxtəlif ödənişlərin verilməsi ilə bağlıdır. Hərbçilər bazar günləri xidmətlərinə görə də əlavə ödəmə ilə təmin olunmalıdırlar.

Hərbi qulluqçulara müxtəlif kompensasiyaların verilməsi tərəfimizdən təklif olunur. Misal üçün, əgər zabit və ya digər hərbi qulluqçular döyüş zonasında xidmət edirsə, ailələrindən ayrı yaşayırlarsa, əlavə xərclərə məcburdurlarsa, onlara xüsusi ödəmələr edilməlidir. Çətin xidmət şəraitində (dağ şəraitində və s.), müəyyən zamanlarda, xüsusilə də aktiv hərbi əməliyyatlar zamanı pulların xərclənməsi mümkün olmadıqda, həmin pullar hərbi qulluqçuların xüsusi bank hesabına köçürülməlidir. Qərb təcrübəsində olduğu kimi, bu vəsaitlərin adi pullardan 5 dəfə çox faizə minməsi təmin olunmalıdır. Hərbi xidmət dövründə bütün əsgər və çavuşların hər növ vergilərdən azad edilməsi zəruridir.

Hərbi qulluqçulara övladlarına görə ödənilən kompensasiyanın miqdarı artırılmalıdır. Bir övlada görə ayda 100 manat müavinət verilməsi təklif edilir. İndi bu göstərici 20 manatdır. Hərbçilər xidmətdə və ehtiyatda pulsuz dərmanlarla təmin olunmalı, tibbi müalicə, əməliyyat hüququna malik olması təmin edilməlidir. Bütün xərclər, ən bahalı əməliyyatların xərcləri belə dövlət tərəfindən ödənilməlidir. Eyni zamanda məzuniyyət məsələsində hərbçilərə xeyli ödəmələr edilməlidir.

Hərbi qulluqçuların xidmət zamanı mülki təhsil müəssisələrində təhsil hüququ təmin olunmalı və bu istiqamətdə onlar üçün imkanlar yaradılmalıdır. Xüsusi olaraq Azərbaycanda hərbi qulluqçular üçün müxtəlif növ güzəşt və imtiyaz paketinin hazırlanması vacibdir.

Qida təminatı

Hərbi qulluqçuların qida təminatını tənzimləyən qanunlarda müvafiq dəyişiklik həyata keçirilməlidir:

- birincisi, hərbi qulluqçuların qida təminatı milliləşdirilməlidir və onun tərkibi hərbçilərin istəyinə uyğun olmalıdır;

- ikincisi, hərbçilərin qida təminatı üçün ayrılan vəsaitin həcmi artırılmalıdır.

Hazırda zabit və gizirlərə aylıq qidalanma üçün ayda 64 manat arasında vəsait verilir. Sözsüz ki, günə 2 manata qidalanma mümkün deyil. O baxımdan qida üçün zabitlərə verilən ödəmələrin səviyyəsinin avtomatik nizamlanması (inflyasiyaya, ərzaq səbətinə və artan ehtiyaclara uyğunluq) vacibdir. Təklif edirik ki, zabitlərə verilən aylıq ərzaq pulunun məbləği 250-300 manatadək artırılsın. Eyni zamanda, cəbhə xəttində ayrıca qidalanmaq istəyən zabitlərin istəyinə uyğun olaraq onlara ayrıca ərzaq pulu verilsin.

Mənzil təminatı

Hərbi qulluqçuların mənzil təminatı Azərbaycan Respublikasının müxtəlif qanunvericilik aktlarında əksini tapan maddələrlə tənzimlənir. Təəssüf ki, bu istiqamətdə xeyli problemlər qalmaqdadır. Hökumətdə bir şeyi dəqiq anlamalıdırlar ki, zabitlərin pulsuz olaraq mənzillə təmin olunmaq hüququ var. Əgər mənzil təminatı işində problemlər varsa, onda hərbi qulluqçulara kirayə üçün xidmət yerindən və zabitlərin statusundan asılı olaraq ayda 150-350 manat vəsait verilməlidir (indi hərbçilərə 47 manat civarında kirayə pulu verilir). Bu məsələ Müdafiə Nazirliyi tərəfindən də nizamlana bilər. Belə olduqda hərbi strukturun nümayəndələri tərəfindən zabitlər üçün kirayə ev tapılır və aylıq olaraq vəsait ödənilir. Eyni zamanda hərbçilər üçün aşağı faizli ipotekaya qoşulma imkanları yaradılmalıdır. Amma bu heç də hərbçilərə dövlət tərəfindən pulsuz mənzil verilməsinin dayandırılması anlamında olmamalıdır.

Pensiya məsələsi

Təklif edilən məsələlərdən biri hərbi qulluqçulara tərxis olunan və ehtiyata buraxılan zaman böyük məbləğdə vəsaitin (məvacibinin ən azı 20 qatı) verilməsi ilə bağlıdır. Bu vəsait hərbi qulluqçunun xidmətdən sonrakı həyatını nizamlamağa kömək etməlidir. Pensiyaların miqdarına müntəzəm olaraq parlament tərəfindən baxılmalı və hərbi qulluqçuların maaşlarının artırılmasına və qiymət artımına, inflyasiyaya uyğun olaraq tənzimlənməsi həyata keçirilməlidir. Eyni zamanda tərxis olunan şəxsin bir neçə ilin pensiyasını əvvəlcədən ala bilməsinə imkanlar yaradılmalıdır. Ümumilikdə təklifimiz bundan ibarətdir ki, hərbi pensiyalar sisteminin islahatı haqqında qanun qəbul edilməli və ciddi dəyişikliklər aparılmalıdır.

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi

No comments:

Post a Comment