Total Pageviews

Monday, September 26, 2011

Orduya rəhbərlik uğrunda mübarizənin ikinci mərhələsi: yeni müdafiə naziri kim olacaq? – ARAŞDIRMA

00:05 25-09-2011

Müdafiə Nazirliyinin rəhbərliyində baş vermiş qarşıdurma prosesi səngisə də yaxın günlərdə bu prosesin sərt nəticələri ortada ola bilər. Bu barədə “MilAz” İnformasiya Agentliyinə Müdafiə Nazirliyinə yaxın hərbi mənbədən məlumat verilib. Mənbənin sözlərinə görə, hazırda nazirliyin mərkəzi aparatında bir sıra məmurlar üçün əsl “çemodan əhval-ruhiyyəsi” hökm sürür. Belə ki, hazırkı nazir Səfər Əbiyevə yaxın bir sıra yüksək vəzifəli məmurlar Müdafiə Nazirliyinin rəhbər heyətində dəyişikliklər dövrünün yetişdiyinin vaxtının çatdığı qənaətindədirlər.

“Nazirliyin kuluarlarında gəzən söz-söhbətə görə, Azərbaycan Silahlı Qüvvələrinin rəhbər heyətində dəyişiklik dövrünə start verilib. Bu dəyişiklik nəticəsində, indiki nazir Səfər Əbiyev nazir postunu təhvil verəcək, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov isə öz mövqelərini daha da möhkəmləndirəcək. Bir başqa informasiyaya görə isə, N.Sadıqov prezident yanında uzun illərdir formalaşdırlılmaqda olan, hələ tam qurulmamış Ali İnspeksiya İdarəsinə rəhbər təyin olunacaq”, - deyə mənbə bildirdi.

“MilAz” İA-nın araşdırmalarına görə, Müdafiə Nazirliyində kadr dəyişikliyinin aparılması ilk baxışdan vaxtı çatmış və yerinə yetirilməsi asan olan proses təsiri bağışlasa da, əslində vəziyyət göründüyü kimi deyil. Çünki faktik olaraq mübarizə iki tərəf arasında və özü də rəsmi və qeyri-rəsmi tərəflər arasında gedir. Burada söhbət Əbiyev və Sadıkovun tərəfində və nəzarətində olan zabitlərin mübarizəsi ilə yanaşı bu iki generala yaxın olan və orduda bir sıra istiqamətlərdə maddi maraqlar güdən şəxslərin qarşıdurmasından gedir.

Əldə etdiyimiz məlumatlara görə, sentyabr ayının birinci on günlüyündə tərəflər bir araya gəlib mübarizənin müvəqqəti dayandırılması barədə razılığa gəlsə də, təxminən son bir həftə ərzində Müdafiə Nazirliyinin kuluarlarında gəzən söhbətlər münasibətləri yenidən gərginləşdirib. Hərbi mənbələr bildirir ki, hazırda Əbiyev və Sadıkova yaxın şəxslər öz var-dövlətlərini və eyni zamanda gəlir yollarını qorumaq yollarını axtarırlar. Amma əgər ölkə başçısı sözügedən iki general barədə kəskin qərar qəbul etsə, onda vəziyyət onların tərəfdarları üçün heç də ürəkaçan olmayacaq. Kütləvi yoxlamalar, araşdırmalar, həbslər və s. mümkündür.

“MilAz” İA-ya bir sıra digər məlumatlar daxil olmaqdadır. Bir sıra məlumatlara görə, hökumətdə Əbiyevdən sonrakı müdafiə nazirinin şəxsiyyəti barədə müzakirələrə start verilib. Bu istiqamətdə müxtəlif maraqlı tərəflərin öz istəkləri və əlbəttə ki namizədləri var. Amma tərəflər bir məsələdə demək olar ki yekdildirlər: Əbiyevdən sonrakı müdafiə naziri mütləq mülki şəxs olmalıdır.

Mülki müdafiə naziri postuna namizədlərə gəldikdə isə, bir sıra namizədlərə istinad edilir. Mövqelərdə parçalanmalar da var. Bir qrup rəsmilər yeni müdafiə naziri kimi ehtiyata çıxmış yüksək rütbəli hərbçilərdən birinin gətirilməsini arzu edirlər. Onların fikrincə, hazırda Müdafiə Nazirliyində yüksək vəzifə tutan şəxslərdən biri (sözsüz ki, dəstəklənən) istefaya və ya ehtiyata göndərilə bilər və bu zaman həmin şəxsin mülki müdafiə naziri təyin olunması mümkündür. Bu mövqeni dəstəkləyənlərin əsas arqumenti Müdafiə Nazirliyindəki oturuşmuş və maliyyə maraqları güdən rəsmi və qeyri-rəsmi məmurların maraqlarını qorumaq olsa da, onlar öz arqumentlərinə Azərbaycanın Ermənistanla münaqişə şəraitində olduğunu əsas gətirirlər.

Bir qrup rəsmilər isə, mülki müdafiə naziri postuna hərbçi olmayan, amma Azərbaycanın hərbi-siyasi problemləri ilə yaxından tanış olan, ictimai imici müsbət olan məmurlardan birinin təyin olunmasını istəyirlər. Onların fikrincə, bu proses nəhayət, Azərbaycanın Müdafiə Nazirliyinin yuxarı strukturlarında ciddi islahatlarla müşayiət olunmalı, Müdafiə Nazirliyi aparatının Silahlı Qüvvələrin Baş Qərargahından ayrılması ilə nəticələnməlidir. Belə şəraitdə müdafiə nazirinin vəzifəsi Silahlı Qüvvələrin ölkə daxilində, parlamentdə lobbiçiliyini həyata keçirmək, xaricdə isə ayrı-ayrı hərbi-siyasi xarakterli toplantılara qatılmaq və sazişlər imzalamaq olmalıdır.

Proseslə bağlı məlumatlar gəlməkdə davam edir. “MilAz” İA-nın məlumatlarını isləməkdə davam edin.

No comments:

Post a Comment