Total Pageviews

Tuesday, July 3, 2012

“NATO-nun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı strateji qərar verməsinin vaxtı yetişib” – “Doktrina” JHAM sədri
13:21 09-06-2012
Xəbər verdiyimiz kimi, iyunun 8-də Bakıda “Azərbaycan və NATO əməkdaşlığı NATO-nun Çikaqo Sammitindən sonra: Əməkdaşlıq üçün yeni perspektivlər” adlı beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycan Hüquqşünasları Konfederasiyası, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının İnsan Hüquqları Elmi Tədqiqat İnstitutu, Avrasiya Hüquqşünaslar Assosiasiyası, NATO-nun İctimai Diplomatiya Bölməsi və Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə keçirilib.
Konfransda “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli “Avroatlantik Əməkdaşlığın İnkişafında Vətəndaş Cəmiyyətinin rolu” mövzusunda çıxış edib.
C.Sümərinlinin sözlərinə görə, Avroatlantik əməkdaşlığın inkişafında Vətəndaş Cəmiyyətinin rolu çox mühümdür. “Ümumilikdə, NATO çərçivəsində, istər çoxmillətli, istərsə də ikitərəfli əsasda qəbul edilən qərarların əsaslı olması, ölkələrin strateji maraqlarına uyğun olması üçün ictimaiyyətlə birbaşa təmasın qurulması çox vacibdir” deyən C.Sümərinli qeyd edib ki, ümumiyyətlə, Avroatlantik inteqrasiyanın bir dəyişilməz qaydası var: “Bütün proseslər, islahatlar cəmiyyətə açıq və şəffaf olmalıdır ki, bu islahatlar davamlı və keyfiyyətli olsun. İctimaiyyətin dəstək vermədiyi islahatlar əslində havaya sovrulmuş vəsaitlər və səylər kimi başa düşülə bilər”.

C.Sümərinli xatırlatdı ki, Azərbaycanın Avroatlantik inteqrasiya kursu onun 2007-ci ildə qəbul olunan Milli Təhlükəsizlik Konsepsiyasında əksini tapıb. Belə ki, həmin sənəddə qeyd olunub ki, Azәrbaycan Respublikası Avropa vә Avratlantik siyasi, tәhlükәsizlik, iqtisadi vә digәr strukturlara inteqrasiya strateji mәqsәdini güdür. Azәrbaycan Respublikası Avratlantik strukturla ilә tәrәfdaşlığı bütövlükdә Avratlantik mәkanda ümumi tәhlükәsizliyә, iqtisadi inkişafa vә demokratiyaya dәstәk verәcәk vasitә kimi görür.
Ekspert bildirdi ki, Azərbaycanla NATO arasında 2005-ci ildə imzalanmış və 2008 və 2011-ci illərdə ikinci və üçüncü mərhələsi ilə davam etdirilən Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planında (İPAP) əksini tapan çoxsaylı öhdəliklərin bir qismi məhz vətəndaş cəmiyyəti ilə əlaqələrin gücləndirilməsi hədəfi ilə bağlıdır. Onun sözlərinə görə, İPAP-da aşağıdakı 2 əsas müddəa əksini tapır:

- Silahlı Qüvvələrin demokratik cəmiyyətin dəyərlərinə maksimal şəkildə cavab verməsinə nail olmaq, demokratik nəzarət mexanizmlərini təkmilləşdirmək.
- Müdafiə məsələlərində cəmiyyətin geniş təbəqələrini fəallaşdırmaq, orduda islahatlarla bağlı cəmiyyəti məlumatlandırmaq.

C.Sümərinli müdafiə və təhlükəsizlik sahəsində islahatların gerçəkləşməsində əsas rıçaqlaardan biri hesab olunan Müdafiə Təsisatlarının Qurulması üzrə Tərəfdaşlığın Əməliyyat Planından da (PAP DIB - Partnership Action Plan on Defence Institution Building) danışdı. Onun sözlərinə görə, bu sənəd «Sülh naminə tərəfdaşlıq» proqramına üzv ölkələrdə konkret müdafiə islahatlarının irəli sürülməsi vasitəsi kimi çıxış edir. PAP-DIB tərəfdaş ölkələrdə həyata keçirilməli olan 10 islahatı məsləhət görür. İslahatların həyata keçirilməsi isə üç məqsədlə bağlıdır: birincisi, müdafiə sahəsinə şəffaf və demokratik nəzarətin tətbiq edilməsi, ikincisi, təhlükəsizlik siyasətinin inkişafında vətəndaş iştirakının təmin olunması, üçüncüsü, müdafiə sahəsi ilə bağlı qanunvericiliyin və məhkəmə sahəsinin düzgün işləməsi.

Məruzəçinin sözlərinə görə, bu gün Azərbaycanda Avroatlantik Əməkdaşlığın inkişafına müsbət təsir göstərən bir sıra proseslər müşahidə olunur: birincisi, QHT strukturlarının fəaliyyətində aktivlik var; ikincisi, media Azərbaycanın Avroatlantik məkana inteqrasiyasına, onun detallarına daha çox diqqət yetirir.

C.Sümərinli Avroatlantik əməkdaşlığa dəstək verən bir sıra Vətəndaş cəmiyyəti strukturlarından danışdı:

- NATO Azərbaycan Beynəlxalq Məktəbi (NİSA) (2005, Bakı). Bu qurum indiyə qədər Azərbaycan – NATO münasibətlərinə dair davamlı sessiyalar (qış və yay), məlumatlandırma konfransları, dəyirmi masalar keçirib;

- “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi (2005, Bakı). Bu mərkəz 2005-ci ildə Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı (İPAP) üzrə cəmiyyətdə məlumatlandırma, təbliğat proseslərinin aparılmasını həyata keçirir;

- “SeDEP” QHT-lər Koalisiyası (2005, Bakı). Bu Koalisiya Azərbaycanda hərbyönlü QHT-lərin ən böyük koalisiyası hesab olunur. Koalisiyanın fəaliyyət istiqamətlərindən biri Azərbaycan – NATO əməkdaşlığının təbliğ olunmasıdır. İndiyə qədər qurum bununla bağlı çoxsaylı tədbirlər, dəyirmi masalar, konfranslar keçirir.

- Milli və Strateji Tədqiqatlar Mərkəzi, Azərbaycanın Avroatlantik inteqrasiyasına aktiv dəstək verən təşkilatlardan biridir.

- Sülh və Münaqişələrin Həlli Mərkəzi. Azərbaycanın Avroatlantik inteqrasiyasına aktiv dəstək verən QHT-lərdən biridir.

- “Atlas” Araşdırmalar Mərkəzi. Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyasını təlqin edən aparıcı strukturlardan biridir.

- Avroatlantik Mərkəz (Bakı, 2006-cı il). Bu mərkəz Axundov adına Dövlət Kitabxanasında yerləşməklə, ölkədə Azərbaycan – NATO əməkdaşlığının təbliğatını, maarifçilik sessiyasını aparır;

- Avroatlantik Mərkəz (Gəncə, 2007-ci il). Bu mərkəz Azərbaycanın Gəncə kimi ikinci böyük şəhərində və ətraf regionlarda Azərbaycan – NATO əməkdaşlığının mövcud və perspektiv vəziyyətinə dair təbliğat prosesini aparır.

- Avrasiya Hüquqşünaslar Assosiasiyası. Bu təşkilat davamlı olaraq Azərbaycan – NATO əlaqələrinə dair mühüm informasiya sessiyaları, beynəlxalq konfranslar həyata keçirib.

- Avro-Atlantik Şura (2011, Bakı). Bu təşkilat Azərbaycanın Avroatlantik əməkdaşlığa dəstək verən QHT və mediasının əsas mərkəzlərindən biri hesab olunur.

- Azərbaycan Hüquqşünaslar Konfederasiyası, NATO ilə əməkdaşlıq mövzusunda aktiv QHT-lərdən biridir. Bu təşkilat Azərbaycan – NATO əməkdaşlığı çərçivəsində ictimai məlumatlandırma sahəsində ən aktiv QHT-lər statusuna daxil olmaqdadır.

- AMEA İnsan Hüquqları Elmi Tədqiqat İnstitutu. Bu struktur eyni zamanda Azərbaycan – NATO əməkdaşlığı çərçivəsində həyata keçirilən elmi tədbirlərin əsas təbliğat mərkəzinə çevrilməkdədir.

- Azərbaycan NATO Əməkdaşlığı İnstitutu (2009, Bakı). Bu təşkilat Azərbaycan – NATO əməkdaşlığı çərçivəsində görülən işlərin təbliği istiqamətində fəal qurumlardan hesab edilir. Bu təşkilat indiyə qədər Azərbaycan – NATO əməkdaşlığına dair çoxsaylı tədbirlər həyata keçirib.

- və başqaları

Avroatlantik əməkdaşlığa töhfə verən media strukturlarına gəldikdə isə, C.Sümərinli NATO-nun İctimai Diplomatiya Bölməsinin Azərbaycanda dəstək verdiyi layihələrdən danışdı:

1. “Ordunun Aynası” əlavəsi, “Ayna” və “Zerkalo” qəzetlərində (2006-cı ildən) NATO İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə;

2. “Diplomatiya və Hüquq” jurnalı, Avrasiya Hüquqşünaslar Assosiasiyası, 2006-2009-cu llərdə NATO İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə;

3. Milaz.info hərbi informasiya portalı, (2010-cu ildə NATO İDB-nin dəstəyi ilə Azərbaycan – NATO əlaqələrinə dair məqalələrin ingilis və rus dillərinə tərcüməsi);

4. “Mingəçevir İşıqları” regional qəzeti (2006-cı ildən etibarən “Ordunun Aynası” əlavəsinin aktiv tərəfdaşı, İctimai Diplomatiya Bölməsi dəstəkləyir);

5. “Cənub Xəbərləri” regional qəzeti (2006-cı ildən etibarən “Ordunun Aynası” əlavəsinin aktiv tərəfdaşı, İctimai Diplomatiya Bölməsi dəstəkləyir);

6. Gəncə Media Mərkəzinin www.ganca.az saytı (2006-cı ildən etibarən “Ordunun Aynası” əlavəsinin aktiv tərəfdaşı, İctimai Diplomatiya Bölməsi dəstəkləyir) və s.

C.Sümərinli bildirdi ki, ümumilikdə, 2004-2012-ci illər üzrə Azərbaycanda vətəndaş cəmiyyətinin ölkənin NATO ilə əməkdaşlığı ilə bağlı bir sıra qənaətləri formalaşıb. Azərbaycanın NATO ilə imzaladığı 200-dən artıq proqram, sənəd, planlar (onlar arasında PfP, İPAP, İPP, PAP-DİB, OCC, PARP və s. əsas qurucu sənədlər hesab olunur) ölkənin milli səviyyədə Avroatlantik inteqrsiyasının geniş vüsət almasının göstəricisidir.

C.Sümərinli bildirdi ki, indiyə qədər Azərbaycan Silahlı Qüvvələrinin 5 min nəfərdən artıq hərbi qulluqçusu NATO-nun müxtəlif plan və proqramları çərçivəsində minlərlə kurs, seminar, konfrans və tədbirlərdə iştirak ediblər; Azərbaycanda ali hərbi təhsil NATO standartlarına uyğunlaşdırılıb; Silahlı Qüvvələrin fəaliyyətini tənzimləyən bir sıra qanunvericilik sənədləri NATO standartlarına uyğunlaşdırılıb; NATO-nun dəstəyi ilə mühüm ekoloji layihələr həyata keçirilib (Aşstafa Saloğlu ərazisinin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi, Ələt qəsəbəsində “Melanj” layihəsi); İPAP çərçivəsində Azərbaycan Silahlı Qüvvələrində aşağı səviyyəli ştat-struktur dəyişiklikləri həyata keçirilib; Azərbaycan Quru Qoşunlarının, Hərbi Dəniz Qüvvələrinin və Hərbi Hava Qüvvələrinin imkanları, maddi-texniki təchizatı artırılıb; ölkənin hərbi çağırış sistemində yeniliklər və təkmilləşdirmələr baş verib və s.

Amma ciddi problemlər də qalmaqda davam edir. C.Sümərinli onlardan bəzilərini xatırlatdı. Belə ki, müdafiə və təhlükəsizlik sektorunun NATO standartlarına uyğunlaşdırılması prosesi yekunlaşmayıb; hərbi qanunvericiliyin əsas hissəsinin hələ də NATO standartlarına uyğunlaşması gecikir; ordudakı yüksək səviyyəli idarəetmənin NATO standartlarına uyğunlaşdırlıması prosesi gecikir; aşağı səviyyələrdə həyata keçirilən ştat-struktur islahatları yuxarı səviyyəyə qalxmadı – Müdafiə Nazirliyi aparatında və Silahlı Qüvvələr Baş Qərargahının səlahiyyətləri konkretləşdirilmədi; müdafiə Naziri mülki şəxs olmadı, ümumiyyətlə orduda mülkiləşmə prosesinin aparılması istiqamətində səmərəli addımlar atılmadı; ordunun kadr təminatında ciddi problemlər ortaya çıxdı, NATO standartlarına uyğun təhsil almış kadrlar hələ də Silahlı Qüvvələrdə orta səviyyədək olan vəzifələri bölüşürlər və onların heç biri Müdafiə nazirliyindəki rəhbər vəzifələrə təyin olunmayıb; Silahlı Qüvvələrdə korrupsiya və rüşvətxorluğa qarşı səmərəli mübarizə aparılmır; kəskin şəkildə artırılan hərbi büdcə fonunda hərbi qulluqçuların sosial təminatının NATO standartlarına uyğunlaşdırılması prosesi gecikir; ordu islahatları və ümumiyyətlə NATO ilə imzalanmış bütün sənədlərin tam mətni ictimaiyyət üçün açıq deyil; nə qanunvericilik əsasında, nə də real şəkildə orduya vətəndaş nəzarət mexanizmi yaradılmadı və s. əsas problemlər hesab olunur.

C.Sümərinlinin sözlərinə görə, Azərbaycan Vətəndaş cəmiyyətində ölkənin Avroatlantik məkana inteqrasiya ilə bağlı suallar var:

- Alyansın Cənubi Qafqaz regionunda mövcud və gələcək fəaliyyətə dair fəaliyyət proqramı nədən ibarətdir?

- Azərbaycanın xarici hərbi-siyasi və iqtisadi inteqrasiya strategiyası nədən ibarətdir? (ölkənin Avroatlantik inteqrasiya siyasətinin qeyri-dəqiqliyi) və s.

C.Sümərinli bildirdi ki, ölkədə ictimai rəydə alyansa dəstəyin zəif olmasına gətirib çıxaran bir sıra məqamlar mövcuddur. Belə ki, Rusiyanın Cənubi Qafqaz ölkələrinə artan təsir və təzyiqinin neytrallaşdırılması yollarının bəlli olmaması, ümumilikdə, Alyansın Cənubi Qafqaz problemləri üzrə Rusiya ilə əməkdaşlıq perspektivlərinə malik olmaması əsas problemlərdəndir. Eyni zamanda Alyansın regiondakı münaqişələrin həlli prosesinə müdaxilə etməməsi, təhlükəsizlik təşkilatının belə mövqe sərgiləməsi onun ictimai nüfuzuna xələl gətirən məsələlərdəndir. NATO-nun SNT proqramı çərçivəsində tərəfdaşlara təhlükəsizlik təminatının verilməməsi, NATO plan və proqramları üzrə tərəfdaş ölkələrin üzərinə qoyulan öhdəliklərin yerinə yetirilmə prosedurunun konkret olmaması, islahatların yerinə yetirilib və ya yetirilməməsi üzrə hər hansı şəkildə mükafatlandırma və cəzalandırma mexanizminin olmaması və s. müzakirə hədəfidir.
C.Sümərinli bildirdi ki, müxtəlif tədqiqatlar göstərir ki, hazırda Azərbaycanın ümumi ictimai rəyində NATO-nun nüfuzu o qədər də yüksək deyil. Xüsusilə də ölkənin bir sıra regionlarında, Cənubda və Şimalda antiNATO ovqatı mövcuddur. Ekspert hesab edir ki, bunun aradan qaldırılması istiqamətində alyansın aşağıdakı addlmları atmasına ehtiyac yaranıb.

C.Sümərinli hesab edir ki, NATO tərəfdaş ölkə, o cümlədən Azərbaycanla əməkdaşlığında siyasi aspektləri gücləndirməlidir, siyasi inteqrasiya, siyasi sahədə islahatlar gücləndirilməlidir. O, hesab edir ki, NATO-da Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində tərəfdaşlarla əlaqələrin gücləndirilməsi vacibdir. “Fikrimcə, NATO-nun Azərbaycanda Əlaqə səfirliyinin, Alyans baş katibinin xüsusi nümayəndəsinin və region üzrə əlaqə zabitinin fəaliyyəti təkmilləşdirilməli və səlahiyyətləri artırılmalıdır. NATO-nun Bakıda real işləyəcək əlaqə ofisi yaradılmalıdır, gələcəkdə isə ölkənin 3-4 bolgəsində belə alt-ofislər formalaşdırılmalıdır”, - deyən C.Sümərinli ayrıca olaraq Alyansın Azərbaycan kimi tərəfdaş ölkələrin vətəndaş cəmiyyətləri, QHT və KİV-lər üzrə xüsusi əməkdaşlıq strategiyası qəbul olunmasını zəruri hesab edir.

“NATO Azərbaycanın regionlarında daimi sorğuların keçirilməsi, bununla da ictimai rəyi öyrənmə prosesinə dəstək verməlidir, ictimai rəydə NATO əleyhinə olan məqamları ortaya çıxarıb onların həlli istiqamətində addımların atılması vacibdir. Təhlükəsizlik və müdafiə sektorunda, eyni zamanda siyasi sahədə NATO standartlarına uyğun islahatlarda vətəndaş cəmiyyətinin yaxından iştirak etməsinə nail olunmalıdır. İPAP və digər sənədlərin məzmunu, eyni zamanda bu sənədlər üzrə həyata keçirilən tədbirlər üzrə cəmiyyətə davamlı məlumat verilməlidir, ümumiyyətlə NATO ilə əməkdaşlıq barədə sistematik açıqlamaların verildiyi mexanizm yaradılmalıdır. Tərəfdaş ölkələr üzrə NATO-dan göndərilən qiymətləndirici missiyaların gəldiyi nəticələr ictimaiyyətə açıqlanmalıdır, Alyansdan Azərbaycana təşrif buyuran nümayəndələrin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş qaydaları dəqiqləşdiriməlidir”, - deyə o bildirdi.

Onun sözlərinə görə, NATO-nun Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı barədə strateji qərarı olmalıdır. “Artıq bunun vaxtı yetişib”, - deyə o qeyd etdi.

Milaz.info
 

No comments:

Post a Comment