Total Pageviews

Tuesday, July 3, 2012

ABŞ-la Azərbaycan arasında nə baş verir? Cəsur Sümərinlinin mövqeyi
16:58 03-07-2012
“Silahlanma məsələsində Qərb Azərbaycanın yanında olmasa, onda rəsmi Bakı Rusiyanın təsirində qalmaqda davam edəcək”

Mətbuatın yazdığına görə və rəsmi Bakının təsdiq etdiyinə görə ABŞ Dövlət Departamenti Azərbaycanı öz helikopterləri üçün Amerika hərbi avadanlığını almaq hüququna malik ölkələr siyahısından çıxarıb. Bu məlumat mətbuatda müxtəlif ekspertlər tərəfindən fərqli şəkildə şərh olunur.

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinlinin fikrincə, ABŞ-la Azərbaycan arasında qeyd edilən istiqamətdə indiyə qədər ciddi əməkdaşlıq olmayıb. “Müzakirələrin, danışıqların getdiyinə dair müxtəlif məlumatlar var idi. Amma indiyədək Azərbaycanla ABŞ arasında hərbi vertolyotlar və digər texnikalar üçün hərbi avadanlıqların alınmasına dair hər hansı saziş imzalanmayıb”, - deyən C.Sümərinli milaz.info portal;na bildirdi ki, ümumiyyətlə, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişə müvafiq olaraq ABŞ-ın Azərbaycana hərbi baxımdan dəstək göstərməsi ciddi şəkildə məhdudlaşıb.

"2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresinin prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyətini verməsi bir sıra ümidlər yaradırdı. Bundan irəli gələrək son illərdə ABŞ Azərbaycana terrorizmlə mübarizə üzrə müfaviq kiçikhəcmli hərbi yardımlar göstərib. Bu yardımlar içərisində rabitə avadanlıqları, radar aparatları, müşahidə sistemləri və s. var. Amma bu prosesin daha da irəliləməsi, tərəflər arasında gerçək hərbi-texniki əməkdaşlığın qurulması istiqamətində ciddi əngəllər qalırdı", - deyə C.Sümərinli qeyd edir.

Onun sözlərinə görə, 2009-2011-ci illərdə Azərbaycan və ABŞ arasında müdafiə sənayesi sahəsi üzrə müəyyən danışıqların getməsi barədə məlumatlar ortaya çıxdı. İlk dəfə olaraq müdafiə sənayesi naziri Yavər Camalov 2010-cu ilin mayında ABŞ-ın 3 şirkəti ilə Azərbaycanın müdafiə sənayesi müəssisələri arasında danışıqlar aparıldığını qeyd etdi: “Ehtimallar var idi ki, yaxın perspektivdə Azərbaycan - ABŞ hərbi əməkdaşlığı irəliləyəcək. Bir sıra məlumatlar ortaya çıxdı, bəlli oldu ki, 2006-2011-ci illərdə ABŞ Azərbaycana "Cummins6v" mühərriki, "Falcon II" tipli radiostansiya satıb. Əslində bu proses həm Azərbaycana, həm də ABŞ-a faydalı idi. Azərbaycan bu tip əməkdaşlıqla həm keyfiyyətli və müasir silahlar, hərbi texnikalar əldə etmək proqramını yerinə yetirir, həm də ordu quruculuğunu NATO standartlarına uyğun həyata keçirmək fəlsəfəsinə riayət etmə görüntüsü yaradırdı. ABŞ isə neft hesabına varlanan Azərbaycan kimi müştərini itirmək istəmirdi”.

C.Sümərinlinin sözlərinə görə, NATO-nun Çikaqo sammitindən sonra NATO ilə aktiv tərəfdaşlıq siyasəti yürüdən ölkələrlə münasibətdə fərqliliklərin olması, onlarla hərbi əməkdaşlığın daha da irəliləməsi sahəsində ciddi tədbirlərə başlanması barədə qərarın verildiyi barədə məlumat vardı. “Təsadüfi deyil ki, Azərbaycanın hərbi-texniki əməkdaşlıq etdiyi NATO ölkələrinin sayı 7-yə yaxındır və bu göstəricinin yaxın perspektivdə artacağı gözlənilir”.

“Lakin göründüyü kimi, ABŞ rəhbərliyi erməni lobbisi qarşısında zəif görünür. Erməni lobbisi Vaşinqtonun Bakı ilə yaxınlaşmasına hər baxımdan mane olmağa çalışır, hardasa buna nail ola bilir. Əldə olan məlumatlar onu deməyə əsas verir ki, erməni lobbisi ABŞ və Azərbaycan arasında perspektivə ünvanlanmış hərbi-texniki əməkdaşlıq münnasibətləri barədə məlumat edərək onu pozmağa çalışıblar. Bu minvalla ermənilərin NATO-nun digər ölkələrinə də təsir və təzyiq siyasətinə başlaması istisna deyil. Rəsmi Bakı bütün bunları göz önünə almalı və hücum diplomatiyasını işə salmalıdır”, - deyə C.Sümərinli bildirdi.

Hər halda, C.Sümərinli nikbindir. Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin sözügedən yasağı Azərbaycan - ABŞ hərbi-texniki əməkdaşlığının dayanmasına gətirib çıxarmayacaq. "Müxtəlif variantlar, yollar və imkanlar var bu əməkdaşlığı inkişaf etdirmək üçün. Yəqin ki, tərəflər bu istiqamətdə müzakirələri davam etdirəcəklər. Bu, Azərbaycandan çox ABŞ-ın marağında olan məsələdir", - deyən C.Sümərinlinin fikrincə, silahlanma məsələsində Qərb Azərbaycanın yanında olmasa, onda rəsmi Bakı Rusiyanın təsirində qalmaqda davam edəcək...

No comments:

Post a Comment